Borclu olduğumuz şirkətlər və çempionla rəqabət haqqında

Yazılıb: May 07 2015

Bəzi şirkətlər var onlar bizi formda saxlayırlar, idman elətdirirlər. Onlara davamlı təkliflər hazırlayırıq. Hər zaman hansısa layihənin ya texniki, ya zaman ya da qiymət təkliflərini alırlar lakin nəticəsi olmur. Onlara, – bizə öz işimizi öyrətdikləri və bu yolda bizi ixtisaslaşdırdıqları üçün çox şeyi borcluyuq.

 

Nəyi borcluyuq ? Və ya niyə görə borcluyuq? Axı onlar bizdən vaxtımızı alır, FİƏ-mizi azaldır və demotivə edir. Gəlin bir də mövzuya mənim gözümdən baxaq.

 

Hələ məktəb şagirdi olan zaman, ali məktəbə daxil olmaq üçün hazırlaşdığımız zamanlar evdə çox güclü bir rəqibim var idi. Mənimlə yaş fərqi il yarım olan qardaşım. Aramızda təbii bir rəqabət var idi və ya ailədəki təhsilə göstərilən fokus bunu tələb edirdi.  Amma bu sizin təsvir etdiyiniz kimi bir rəqabət deyildi. Biz ikimiz də 11-ci sinifdə oxuyurduq, qardaşım liseydə, mən isə orta məktəbdə. Amma yenə də bu rəqabəti fikrinizdə canlandırmağınız məncə çox çətindir. O mənə hazırlaşdığım müddət boyunca (və ondan sonra da)  çox kömək edirdi. Mən onunla rəqabət aparırdım, o isə mənə dəstək olurdu. Bilmirəm sizin üçün nə qədər əhəmiyyət kəsb edər amma mövzu adi gənclərin təhsil mövzusunda rəqabəti və ya bir birinə kömək göstərməsi deyildi. Mənim yarışdığım adam – qardaşım – 16 yaşında dünya riyaziyyat olimpiadasından Azərbaycana medal gətirmiş adam idi. Çempionla rəqabətə girmişdim.

 

Bəzən müəllimlərimin həll edə bilmədiyi məsələləri o asanlıqla  edirdi. Bəlkə hansısa müəyyən bir fənn üzrə keçici bir üstünlük qazanmaq nəsib ola bilərdi, lakin ümumi götürsək istər dəqiq, istərsə də humanitar elmlər üzrə məndən göz görəsi, açıq aydın çox qabaqdaydı.

 

İmtahanlarda ölkə üzrə o dərəcə alardı (ilk 5 və ya 10-a girərdi), mən isə hələ də 550 bala çata bilmək üçün havar çəkirdim.  İl 1998. Mən Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olundum. Təbii ki, çox çalışmağım nəticə verdi və istədiyim fakültənin tələbəsi oldum. O isə imtahansız, dəvətnamə ilə, yenə də öz seçiminə görə İstanbul Universitetində (Digər universitetlərdən də dəvətnamə almışdı) təhsilini davam etdirməyə nail oldu.

 

Əslində bu rəqabət zamanı beynimin ucqar bir küncündə məğlubiyətin qaçınılmaz olacağı mənə gün kimi aydın idi. O zamanlar qardaşım, (həm də müəllimim) mənə dəstək olan insandan aldığım ən böyük dərslərdən biri ikinci olmağın üstünlükləri idi. Bəli səhv oxumadınız, ikinci olmaq mənə görə birinci olmaqdan daha üstündür.

 

Deyirlər dəmiri isti-isti döyərlər, çünki təzyiq altında formasını dəyişməyə daha uyğundur. İkinci olmaq da belədir. İkinci olan zaman buraxılan səhvlər, zəif nöqtələr və özünü təkmilləşdirmələr (kaizen) daha çox aydın olur. Təbii ki, özünə sual verə bilən insana (neyronların sayının kifayət edənlərdən söhbət gedir). İkinci olan zaman hər zaman birinci olmaq istəyi olur. Bundan gözəl motivasiyamı var ? Üçüncülükdə bu o qədər də yoxdur. İkinci olduqda məqsədə bir addımlıq məsafən qalır və bütün gücünlə birinci olmağa istiqamətlənir insan.

 

Qayıdaq mövzumuza. Bizə “idman elətdirən” şirkətlər, bizim müəyyən bir layihə üzərində FİƏ-ımızı alıb, nəticə verməyənlər, bizə nəticənin olmamasına görə sual verə bilmək şansı verir. Biz çalışıb nəticə ala bilmədiyimiz üçün özümüzə suallar verməyə başlayırıq. Bu suallar bizi gələcəkdəki potensial işlərimizdə daha mükəmməl olmağa sövq edir.

 

Bu yazım metro qarşısında satılan “1 saata 50 milyon qazanmağın yolu” tipli kitablardakı kimi ucuz motivasiya üsulu deyil. Əksinə çox illik sahibkarlıq fəaliyyətimdə təcrübələrimi və onlardan aldığım dərsləri sizinlə paylaşmaq istəyirəm. Bu təcrübələrimi aşağıdakı kimi qruplaşdırsam məncə daha məqsədə uyğun olar:

  • Nəticəsiz üzərində işlədiyimiz layihələr bizə verdiyimiz təkliflərdəki boşluqları doldurmağa imkan yaradır. Onları araşdırır, əgər müsabiqə tipli məğlubiyyətdirsə rəqiblərimizi daha ciddi öyrənməyə başlayırıq. Ən azından “zəncirin hansı halqasındakı zəifliyi” ortaya çıxara bilmək şansımız olur. Doldurulan boşluqlar hər dəfə daha da azalır və mükəmməlliyə getməyə bizə imkan yaradır.
  • Bu tipli layihələr  zaman, maliyyə, həvəs və ya başqa bizdən aldıqlarına görə bizləri həmin alınılanları geri qaytarmağa itələyirlər. Boşuna xərclənmiş vaxtımızın və ya FİƏ-mizin daha da çox qədrini bilməyə başlayır, itirdiklərimizi geri qaytarmağa stimullaşırıq.
  • Təcrübələrimizi çox şahəli olaraq inkişaf elətdirirlər bu layihələr. Düşünün ki, təklif etdiyiniz xidmət və ya məhsul hər zaman məqbuldursa, gedilən yolun sonunda siz neçə rəngdə təcrübə spektrına yiyələnəcəksiniz ? Yalnız AĞ ? Bəs bu yolun sonunda qarşınıza daha ciddi rəqib çıxsa nə olacaq? Pillə pillə öyrənmək ən effektli yol deyilmi?
  • Qəbul olunmamış təkliflər (xidmətlər və ya məhsullar) bazarın nəbzini tutmaq üçün ən gözəl vasitədir. İş sahəmizdən asılı olaraq qəbul olunmamış təkliflər bazarın tələblərini öyrənmək üçün bir benchmark`dır, alətdir.  Müxtəlif periodlarda bu tipli təkliflərin toplusunu yaradaraq əsl tələbi müəyyən edərək düzgün statistikaya sahib ola bilərik.
  • Ən sonuncu və ən əsas məqam prosesdən zövq ala bilməkdir. Sahibkarlıq, marketing, startup, biznes – adını nə istəyirsiniz qoyun. Məqsəd nəticə əldə etməklə bərabər işimizdən zövq ala bilməkdirsə, əgər həqiqətən də işimizə ürəklə bağlıyıqsa, bir sözlə işimizi seviriksə o zaman proses bizim üçün ən azı nəticə qədər əhəmiyyətli olmalıdır.

 

muhammadali

Əlbəttə ki, dediklərimi nəzərə almayıb, puç hesab edib, səbəbi başqalarında axtarmaq daha asan yoldur. Lakin bir də məsələyə belə baxaq, 1971-ci ildə çempionluğu Joe Frazier tərəfindən əlindən alınan Muhammad Ali 1973-cü ildə titulunu geri qaytardı. 1985-ci ildə idarə heyətindən çıxarılan Steven Paul Jobs, 1997-ci ildə qurduğu şirkətə geri qayıtdı. Və bu kimi sonsuz sayda təcrübələr var.

 

Yazımı “uğurun sirri, çox çalışmaqda, məğlubiyyətdən dəsr çıxardaraq ondan istifadə etməkdədir” fikri ilə tamamlamaq istəyirəm. İnanıram ki, bütün əlavə meyarlara baxmadan çalışqanlıqla uğura sahib ola bilmək öz əlimizdədir. Bəs sizcə necə ?

OXUNUB:5445

One Comment to “Borclu olduğumuz şirkətlər və çempionla rəqabət haqqında”

Cavab yaz

*

*