Optimallaşmaya aid bir neçə kəlmə

Yazılıb: Apr 08 2014

Keçən yazımda sizlərlə “5 niyə” modelini paylaşmışdım. İndi isə sizinlə hazırda yeni layihəmiz üçün üzərində düşündüyümüz modeldə qarşımıza çıxan məsələləri necə optimallaşdıra biləcəyimiz sualına tapdığımız cavabları paylaşmaq istəyirəm.

 

Yenə “anarxist” bir yazı olacaq. Öz təcrübələrimi qələmə aldıqca yaranan mənzərə belə olur. Mən və ya yaxınlarım səhv buraxdıqca başqalarının yazılarımdan xeyir tapıb həmin potensial səhvlərə hazırlıqlı olmasını istəyirəm. Bu bir növ iş həyatımızdakı səhvlərə qarşı immun sistemi yaratmağa çalışmaq adlanır.

 

Müzakirə mövzusu olan bir məsələ haqqında implementation plan hazırlayırdıq. Bir çox fikirləri dinlədikdən sonra gəldiyim qərar belədir. Hər birimiz gündəlik olaraq fərqli işlərlə məşğul olur, onları həyata keçirməyə çalışırıq. Keçen yazımda da qeyd etdiyim kimi bu prosesləri təkrarladıqca həmin işimizin “ustası” olmağa başlayırıq və prosesin xüsusiyyətlərin asılı olaraq təkmilləşdirmə planı hazırlayırıq. Bu bütün insanlara xas olan bir cəhətdir.

 

Belə bir qaba misal çəkim. Tutaq ki, hər hansı bir bostandan kələm toplamaqla mükəlləfiyətlənmişik (bu bir misaldır )).  İlk öncə bostanın bizə yaxın olan başından əlimizə yerləşən qədər kələm toplayıb lazımi yerə gətirəcəyik. Bu əsnada əgər bir əl arabamız olsa daha az enerji ilə daha çox kələm daşıya biləcəyimiz qənaətinə gələcəyik. Bir miqdar sonra kələmləri topladığımız yerdə ən altda qalanların əzildiyinə diqqət yetirəcəyik və ikinci bir “kələm yığım məntəqəsinə” ehtiyacımız olacaq. Bu təkmilləşdirmə prosesinin inkişaf tempi bizdən asılı olaraq irəliləyəcəkdir. Lakin sağlam düşüncə ilə heç bir zaman tam dayanmayacaqdır.

 

Müasir iş həyatımızdakı proseslər də belədir və onları da dəyər qataraq inkişaf etdirməliyik. Burada ilk toxunmaq istədiyim məsələ sosial tənbəllikdir. Əgər fikir vermisinizsə, bəzi hallarda sizə aid olan bir işi kimsə sizə köməklik göstərməyi təklif edirsə, o işi siz birlikdə tək edəcəyinizdən daha gec vaxta bitirirsiniz.

 

Hər hansı bir yüngül işlə lazımından çox adam məşğul olduqda burada işin hasil olma vaxtı da sürətlənmir və keyfiyyətə də dəlalət eləmir. 1800-cü illərin başında alimlər bu modelə “sosial tənbəllik” adını qoyublar.

 

Qrup halında həll edilən məsələlərdə hansısa bir fərdin qrupdan geri qalmağı bütün qrupu yavaşladır. Bu risk fərdlərin sayı artıqca artmaqdadır. Çünki risk payı çox zaman fərdlərin yaşından, kommunikabelliliyindən, gücündən, bilik və təcrübəsindən, təhsil və sağlamlığından və s. nüanslardan asılıdır. Sosial dildə  bu proses Ringelmann effekti adlanır. Bu prosesi araşdıran professor Ringelmann eyni məsələyə nəzərdə tutulandan 5 qat daha çox insan resursu ayrıldığı təqdirdə niyə görə nəinki 5 qat nəticə ala bilmədiklərini, hətta ilkin vəziyətdəki nəzərdə tutulan nəticəni belə almaqda da çətinlik çəkdiklərini araşdırır.

 

Ringelmanın keçirdiyi xırda bir təcrübəyə əsasən 3 adamın hər hansı bir kanatı dartması tək adamın kanatı dartmasından 2.5 dəfə çoxdur.  8 adamın isə kanatı dartmaq əmsalı tək adamın kanatı dartmasından 4 dəfə çoxdur. Lakin sadə riyaziyata görə bu rəqəm 8 dəfə çox olmalı idi. Deməli qrup şəklindəki işlərdə ayrı ayrı fərdlər ümumi iş naminə daha az iş görməyə meylli olurlar. Təbii ki Ringelmanın bu təcrübəsi aksiom deyildir lakin diqqətə layiqdir.

 

Bir az öncə qrup halında hərəkət etdikdə hansısa fərdin yavaşlamasının bütün qrupu yavaşlatmasından danışmışdım. İndi isə tam tərsinə qrup fərdlərinin digərlərindən daha güclü davranması məsələsinə toxunaq. Buna dair də kiçik bir misal gətirmək istəyirəm. Daşınma gücü 10 qutu olan bir istehsal xəttində, istehsal gücü 12 qutudursa o zaman, hər zaman kəsiyindən 2 qutu artığımız qalacaqdır. Daha bir misal çəksək, avar yarışlarında avar çəkənlərdən biri dostlarına nisbətən daha sürətli çəkərsə avarı o zaman qayığın düz getmək şansı azalacaqdır.

 

Bu danışdıqlarımda ən əsas məqam işlərin sinxronlaşdırıla bilməsidir. Lakin bu da son məqam deyil. Qrup halında fəaliyətlərdə sinxronlaşma ilə yanaşı planlaşdırılma çox önəmlidir. Belə ki, düzgün planlaşdırılma gələcək risklərin qarşısını alır. Xidmət və məhsulların istehsal prosesində planlamanın rolunu sizə iki ayrı istehsal prosesi çəkərək izah etməyə çalışacağam.

 

Şəkil 1

Şəkil 1 `də düz xətli istehsal prosesi canlandırmağa çalışmışam. Belə təsvir edək ki, hər hansı saat istehsalında saat mexanizminin hazırlanması və eyni zamanda saat kəmərinin istesahsalına da 1 dəqiqə zaman ayrılır. Bu iki elementin montaj olunması da həmçinin 1 dəqiqə zaman alır. Düz xətli istehsal prosesində bir istehsal xətti 5 element gücünə malikdirsə o zaman, ilk növbədə saat mexanizmləri şəkil 1`dən təsvir olunan kimi 5 dəqiqə ərzində istehsal olunacaqdır. Digər istehsal xəttində də 5 dəqiqə ərzində saat kəmərləri hazırlanacaqdır. Və son proses olaraq 5 dəqiqə montaj işlərinə ayrılacaqdır. Bu o deməkdir ki, son məhsulu əlimizə almaq üçün ən azı 15 dəq sərf etmiş olacağıq. Mobil montaj prosesində isə ilk elementin montaj işi bitdikdən sonra bu zaman aralığını 11 dəqiqəyə salmaq mümkündür.

 

Şəkil 2

Yalın istehsal prosesində isə (lean production) bu prosesə yanaşma fərqlidir. İlk mexanizmin istehsal prosesi 1 dəqiqə zaman tələb edir və dərhal ikinci mərhələ kəmər istehsal prosesi başlayır. Bu proses bitdikdən sonra montaj işləri başlayır və biz ilk məhsulu düz 3 dəqiqə sonra əldə edə bilirik.

 

Yalın istehsal prosesi əslində ikinci dünya müharibəsindən sonra Yaponiyada meydana gələn böhrandan sonra planlamaya yanaşma metodudur, hansı ki burada əsas məqam çox işləmək yox, səmərəli işləmək əsas hesab olunur. Yalın istehsal prosesinin şəkil 2`də göründüyü faydasından əlavə daha bir üstün cəhəti də vardır. O da istehsal prosesindəki risklərin azalmasının təmin olunmasıdır. Yəni, məhsullarımızda çıxa biləcək xəta və ya defekti biz ən tezi ilk montaj prosesindən sonra görə bilirik. Bu da o deməkdir ki, şəkillərdəki misala uyğun olaraq ilkin versiyada bu 15 dəqiqədirsə, yalın istehsal prosesində 3 dəqiqədir.

 

Fərqli bir məqam fiziki və mənəvi “stock” yığımıdır hansı ki, ümumiyyətlə birmənalı qarşılanmır. Düz xətli istehsal prosesində bu qaçınılmazdırsa yalın istehsal prosesində bu problem daha çox idarə oluna biləndir.

 

Dostlarım, dediklərimin yalnız istehsal prosesinə aid olduğunu sanmayın. Sizi inandırım ki, implementar şirkətlərdəki optimallaşdırılma, sinxronlaşdırma və təkmilləşdirmə hər zaman vacibdir. Bu bizim həm gələcək inkişafımız, həm işlərimizin keyfiyyəti və ən əsası resurslarımızın düzgün idarə olunması üçündür. Başqa sözlə desək ən kiçik işlərimizdə belə səmərəliliyi təmin edə bilsək ən azından inkişafımız üçün də zəmin yarada bilmiş olarıq.

 

OXUNUB:19483

Cavab yaz

*

*