Gizli sənayeləşmə

Yazılıb: Mar 11 2014

İlk başdan qeyd edim ki, şəkil ilə mövzunun heç bir aiddiyyatı yoxdur. )

 

Milli iqtisadi inkişafımızın hamının dediyi kimi “keçid dövründə” qeyri təbii yolla “gizli sənayeləşməyə” məcbur olmuşuq. Bu həm də elə bir dövrdür ki, təsadüfü yaranan brendlərin üzünə taleh gülür. Bu gün anlamağa çalışacağım mövzu gizli sənayeləşmədir. Əlbəttə ki, bu o dövrdür ki, kiçik və orta biznes sahələrində elə münbit şərait yaranır ki, burada hansısa sahələr “gizlincə” inkişaf edir. Həmin münbit şəraiti mən sahibkar dili ilə dedim. Çünki buna istehlakçı dili ilə adətən “boşluqlar” deyilir. Bu boşluqları isə adətən  bir neçə bəndə ayırırlar: qanunlarda olan boşluqlar, tənzimlənmə və ya idarəetmədə olan boşluqlar və bazarda olan boşluqlar.

 

Bu cür boşluqların sayəsində adını çəkdiyimiz gizli sənayeləşmə baş verir. Bəs biz onu gündəlik həyatda necə görürük?

 

Qəbələ  rayonundakı məşhur ailəvi istirahət mərkəzlərinin birində, stolun üzərində olan su saxsısı diqqətimi cəlb etdi. Bu saxsının üzərində həmin istirahət mərkəzinin adı (biz buna sonralar logo deməyə başlayacağıq)  var idi. O zaman belə düşünmüşdüm ki, yerli  saxsı hazırlayan (istehsal edən deməyə dilim gəlmir) sakinlərdən kimsə bunu edib. Sonralar isə eyni məhsulun başqa rayonlarda və ya istirahət mərkəzlərində gördükdə anlamışdım ki, bu cür saxsıları hazırlayan şəxs və ya “ictimai ailə” elə bu işlə məşqul olur. Sadəcə tələbin az olmasındanmı, bazar şəraitinin hürküdücü “stereotiplərindənmi”, yoxsa hazırkı iqtisadi modelin kiçik sahibkara göstərdiyi təzyiqdənmi bu “gizli sənayeləşmə” modeli işıq üzünə çıxmır.

 

Fərqli bir misal daha çəkək. Bir çox qaba tikinti matreallarının keyfiyyəti şübhə doğursa belə alternativləri vardır. Döşəmə taxta növləri, santexniki avadanlıqları, xırda alətlər və s. Bu məhsulların bir çox hissəsi eyni yerli istehsalçıya deyil, bir neçə xırda müəssisəyə aid hesab olunur. Lakin bu xırda müəssisələri bir çox vaxt, axtarıb tapmaq, və ya kimliyini bilmək mümkün olmur. Ən azından bunu bilmək üçün həmin bazarın “püxtələşmiş mütəxəsisi” olmaq lazımdır.  Xarici ölkə brendlərinə məxsus eyni model məhsulun bir çox yerli “plaqiatının” şahidi olmaq mümkündür. Hətta diqqətsiz davranarsaq orijinal məhsulun seçilməsində yanıla da bilərik.

 

Daha çox nümunələr misal çəkmək olar. Ən çox şəhər sinir mərkəzlərindən uzaqlaşdıqca qarşımıza çıxan, sarı brendlər, adsız məhsullar əyani sübutlarımızdır. Yəqin ki, hər birimizin qarşısına çıxıb bu cür “gizli sənayeləşmə” məhsulları. Əgər biz hamımız bu məhsulların şahidiyiksə o zaman qarşımıza bir neçə cavabsız sual çıxır. Görəsən kim istehsal edir bunları? Əgər bu biznes növləri gəlirlidirsə niyə özlərini “ağ” elan etmirlər? Yox əgər onlar ağdırlarsa niyə daha çox inkişaf etmirlər və ya etmək istəmirlər?

 

Alfred Einstein in belə bir məşhur sözü var: “Problemi yarandığı müstəvidə həll etmək mümkün deyil!“. Başqa sözlə desək bu məsələyə aydınlığı yalnız normal şəraitdə inkişaf etməkdə olan biznes sahələrindəki problemləri bilərək, onların keçdikləri yollardakı keşməkeşləri duyaraq, gizli sənayeləşmədəki xərçəngi sağaltmaq mümkündür. Bəli, mən gizli sənayeləşməyə xərçəng deyirəm. Bunun da səbəbləri aydındır. Ümumiyyətlə kiçik miqyasda olan istehsal sahələrində bir çox biznes modeli bəlkə də belə yaranır. Lakin hər hansı bir gizli sənayeləşmə elementi bu sahədə ekspertlərin göstəridiyi zamandan daha çox qalırsa, deməli ya həmin sahədə bir anormallıq var, ya da o bu sahədən çıxmaq istəmir.

 

Gəlin dediklərimizi anlamağa çalışaq. Hər hansı bir SARI yerli bal istehsalçısı (real kiçik brendlərlə müqayisə etməyin, bu sadəcə bir misaldır) öz istehsal gücünün maximumunda çalışırsa və gözlədiyi inkişaf tempinin maksimumunda dayanırsa o zaman növbəti addım olaraq həmin biznes modeli inkişaf etməli və korporativ simaya yiyələnməli, özününü növbəti məqsədlərini icra etməldir. Və ya bir biznesin inkişafındakı növbəti mərhələ nədirsə ona ayaq uydurmalıdır. Lakin bu hal illərcə eyni getdikdə aşkar olunur ki, bir çox yerli biznes modelimiz var ki, onlar korporativ simaya yiyələnmək istəmirlər və  öz inkişaflarını hazırkı fəaliyyətlərində görürlər. Əlbəttə onlar da bilirlər ki, bir biznes sahəsi “yerində saydıqca” və statik inkişaf modelinə sahibləndikcə, onun rəqiblərinin bu biznesi qabaqlayacağı aydındır. Sən yerində dayansan mütləq kimsə gəlib səni keçəcəkdir. Bəs niyə bir çox gizli sənayeləşmə ünsürləri yerlərində dayanmağa üstünlük verirlər.

 

İstər qida sənayesi olsun (ölkəmizdə, göbələk , süd məhsulları kimi  bir çox real nümunələrimiz var), istərsə də digər sahələrin elementlərini inkişaf etməyə imkan verməyən amillərə nəzər salsaq hamımız şahidi olarıq ki, bu  cür amillər çox halda inkişaf etməkdə olan bazarlarda (keçid dövrü) müşahidə olunur.  Bu amillər çox vaxt, haqsız rəqabəti, monopoliyaları, qanunda olan bəzi boşluqlar kimi nüansları özündə birləşdirməklə bərabər həm də biznes modelinin dizayn olunmasında mənəvi tərəfləri də özündə birləşdirir. Bu mənəvi tərəflər bu günki yazımın əsas özəyində dayanır. Hansı ki, ən çox bu yöndə uğur qazanıldıqda “yolu yarılamaq” mümkündür.

 

Mənəvi tərəflər dedikdə isə vurğulamaq istədiyim nöqtələr, sahibkarların bir çox stereotiplərin qırılmasında acız qaldıqları yerlərdir. Hər hansı bir sahibkar istehsal etdiyi məhsulu xarici bazarlara yalnız “imkan verməzlər” deyərək çıxarmaq şansını qaçırırsa, öz sahib olduğu məhsulu PR və marketing alətlərində daha çox istifadə edib daha çox inkişaf etdirmirsə və bir çox sadalamadığım mövzulardan sırf real bazara inanmadığı üçün qaçırsa o zaman bu cür gizli sənayeləşmə elementləri məhvə məhkumdurlar. Təbii ki bir prosesdə, zəlzələ zamanı daşlar yerini tutan kimi, bir çox gizli sənayeləşmə elementləri “ağaracaq”, bir çox yerli brendimiz yaranacaqdır. Hansı ki son 10 ildə hamımız bunun şahidi olmuşuq.

 

Gəlin ağlımın ucundan keçən bir neçə sahəyə birlikdə baxaq. Zərgərlik sahəsində minlərlə zərgərimiz, yüzlərlə xırda “müəssisəmiz” var. Bu sahənin sinir mərkəzlərində toplaşan, hər hansı bir qızıl-zinət əşyasının real olaraq, istənilən formada eynisi hazırlaya bilən, bərpa işləri görən bir çox icraçı elementlər var. Lakin yalnız “RƏSM AZERICARPET” və ya “SHAKH” adlı şirkət bu sahədə brendləşə bilib (başqa bir şirkət də varsa əgər onun adını çəkməməyib sırf tanımadığımdan irəli gəlir). Və ya hamımızın tanıdğı “AZZA” şəbəkəsi. Onlar da öz sahələrində çox sayda rəqabət apara biləcək istehsalçılardan fərqlənən bir modeldir. Bu kimi bir çox nümunəni qeyd etmək olar. Hətta sizə bir sirr deyim, ürək istər ki, bu kimi uğurlu və milli modellərdən milyonlarca misal çəkə bilək. Əlbəttə ki, zaman gələcək, iqtisadi inkişafımızdakı stabilləşmə dövrü başladıqda istəklərimiz reallaşacaqlar. Ən azından milli fərd olaraq bunu istəyir, arzulayır, bu yöndə addımlar atmağa çalışmalıyıq.

OXUNUB:8161

One Comment to “Gizli sənayeləşmə”

  1. Emil Elirza says:

    Cox gozel meslehetlerdir. Sllah komeyiniz olsun,siz yazin biz de deyiwek.

Cavab yaz

*

*